Bu sual məni keçdiyim həyat yoluna nəzər salıb, kədərli anları xatırlamağa məcbur etdi…
Həyatımda elə dönəmlər olub ki, işə piyada getmək məcburiyyətində qalmışam, gün ərzində yeməyə belə imkanım tapılmayıb. Dörd il əziyyət çəkib, həm işləyib, həm oxuduğum universitetin diplomunu ala bilməyəcəyimi qəbullanmalı olmuşam. Yaşadığım evin hərarəti 20 dərəcədən aşağı olub, üç dəfə uğursuz hamiləlik yaşamışam, iki körpə uşaqla üç gün işıqsız evdə qalmalı olmuşam və s… Bu anları yaşayarkən bəzən ürəyim parçalanıb, ruhdan düşmüşəm, gələcəyimin necə olacağını təsəvvür belə edə bilmirdim…
O dönəmlərə qayıdıb özümə deyərdim ki, ürəyini sıxma, vaxt gələcək sadəcə çəki atmaq üçün bundan da böyük məsafələri qət edəcəksən. Vaxt gələcək yiyələndiyin bilik və bacarıqlar diplomlu mütəxəssisləri kölgədə qoyacaq. Evin elə isti olacaq ki, qışın soyuğunda pəncərələri açacaqsan. Uşaqlarının səs-küyündən dincəlmək üçün sakit bir yer axtaracaqsan. Sadəcə istirahət edib enerjini yeniləmək üçün evin işığını söndürüb şam işığında ney musiqisi dinləyəcəksən. Bu gün kədərləndiyin səbəblərə sabah sevinəcəksən…
Sən sadəcə ürəyinin səsini dinlə və irəliləməyə davam et, dayanma. Çıxış yolu həmişə var, təki sən ruhdan düşmə.

