Bu yay istirahət etmək üçün fərqli məkan seçmək qərarına gəldim. Azərbaycanın şimal bölgələrində və Abşeronda illər boyu yetərincə istirahət etdiyimə görə bu dəfə Cənub bölgəyə üz tutdum və peşman olmadım.

Lənkəran, Xanbulan gölü, Lerik, Bibioni şəlaləsi yaddaşımda gözəl bir iz qoydu. Buralar hüzurla dolu, təbii gözəlliyini qoruyub saxlayan sıx meşələrlə, bulaqlarla, əsrərangiz mənzərələrlə dolu yerlərdir. Dağlara qalxdıqca insan özünü sivilizasiyadan uzaq hiss edir, yollar isə bir başqa ekstrimdir… Bibioni şəlaləsinə aparan yolda üstü açıq avtomobildə səyahət adrenalin axtarışında olanlar üçün tam da uyğun marşrutdur.

Həqiqətən də, Azərbaycanın cənub inciləri olan Lənkəran və Lerik yalnız səfalı havası ilə deyil, eyni zamanda bəşəriyyətin və təbiətin harmoniyasını özündə yaşadan nadir coğrafiyası ilə diqqəti cəlb edir. Bu səyahət təkcə fiziki bir istirahət deyil, həm də ruhun dincəldiyi, yaradılışın füsunkar gözəlliklərini seyr edərək dərin bir hüzur tapdığı mənəvi bir səfərdir.

Lerik və Bibioni Şəlaləsi: Adrenalinlə dolu təbiət möcüzəsi

Lerik rayonu, uzunömürlülər diyarı olmaqla yanaşı, sərt və əzəmətli dağ relyefi ilə seçilir. Lerikin zəngin relyefi daxilində gizlənmiş ən həyəcanverici və gözəl nöqtələrdən biri isə şırıltısı ilə qayalıqları dilləndirən Bibioni şəlaləsidir.

Bibioni şəlaləsi Hamarmeşə kəndinin yaxınlığında, keçilməz meşələrin və dik qayaların arasında yerləşir. İl boyu noutbuk önündə işləyən və təmiz havaya ac olan şəhər adamı üçün bura çatmaq özü-özlüyündə böyük bir macəradır. Şəlaləyə aparan dik və nahamar dağ yolları adi minik avtomobilləri üçün əlçatmaz olduğundan, buraya səyahət xüsusi olaraq açıq kuza növlü yolsuzluq avtomobilləri ilə təşkil edilir. Üstüaçıq avtomobillərlə qayalıq və palçıqlı cığırlarla uçurumun kənarı ilə irəliləmək, dağ mehi və sərin küləyi hiss etmək adrenalin həvəskarları üçün unudulmaz ekstremal anlar bəxş edir.

Uca dağ zirvələrindən və təbii bulaqlardan süzülüb gələn Bibioni şəlaləsinin suyu buz kimi sərin və büllur kimidir. Şəlalənin töküldüyü yerdə yaranan təbii hovuz dağ sərinliyini hiss etmək istəyənləri valeh edir. Daş və qayaların üzərindən dar çığırları keçərək bu hovuza çatmaq bir başqa ürək tələb edir.

Şəlalənin yerləşdiyi ərazi müasir şəhər səs-küyündən tamamilə təcrid olunub. Burada mobil rabitənin zəifləməsi insanı birbaşa təbiətin və Yaradanın bəxş etdiyi bu möcüzəvi gözəlliyin qoynuna atır.

Xanbulan Gölü: Sıx meşələrin qoynundakı hüzur adası

Səyahətin növbəti dayanacağı olan Lənkəranın Xanbulan kəndində, Hirkan Milli Parkının sıx və zəngin meşə örtüyü ilə əhatə olunmuş Xanbulan su anbarı (Xanbulan gölü) ilk baxışdan insanı öz sehrinə salır. 1970-ci illərdə subtropik çayçılıq və kənd təsərrüfatı sahələrinin suvarılması məqsədilə inşa edilən bu süni göl, illər keçdikcə tamamilə təbiətlə bütünləşərək regionun ən gözəl təbii landşaftlarından birinə çevrilib. Gölün ətrafında avtomobil səs-küyündən uzaq, yalnız quşların cəh-cəhi və meşə pıçıltısı eşidilir. Bura sakit yürüyüşlər, meditasiya və relaksasiya üçün ideal məkandır.

Bu səyahət mənə bir daha göstərdi ki, Vətənimizin hər bir guşəsi özünəməxsus bir xəzinədir. Abşeronun xəzri küləyindən, Şimalın məşhur istirahət mərkəzlərindən sonra Cənubun — Lənkəranın və Lerikin bu toxunulmaz, təmiz təbiəti insana fərqli bir ruhi enerji verir. Əgər siz də həm ruhunuzu sükutla bəsləmək, həm də dağ yollarında unudulmaz adrenalin yaşamaq istəyirsinizsə, Xanbulan gölü və Bibioni şəlaləsini səyahət xəritənizə mütləq əlavə edin.


Leave a Reply

Translate »

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading