Evin küncündəki möcüzə: Ağrılarımı aparan və namaza oyadan özəl pişik

İllər öncə, hələ uşaq ikən nənəm mənə deyərdi ki, heyvanlar insandakı bütün mənfi enerjini, neqativi özlərinə çəkirlər.

O vaxtlar bu sözlərin mənasını tam anlamırdım. Amma illər keçdikcə, evin qapısını heyvanlara açdıqdan sonra bu həqiqətin canlı şahidinə çevrildim. Heyvanlar — istər quş olsun, istər pişik, istərsə də it — insanları bizdən daha yaxşı duyur, bəzən ətrafımızdakı insanlarda gözümüzdən yayınan o gizli neqativliyi dərhal hiss edirlər və reaksiya verirlər.

Bir neçə il əvvəl pişiyimiz tələf olduqdan sonra özümə söz vermişdim ki, bir daha evdə heyvan saxlamayacağam. Amma oğlum məni fakt qarşısında qoydu… Bu gün buna görə ona minnətdaram, çünki, adını Maşli qoyduğum, bu pişik həqiqətən də çox özəldir. Bəzən mənə elə gəlir ki, o, dediyim hər şeyi anlayır, hətta öz dilində cavab verir, nə istədiyini bəlli edir. Soyuq və ya isti olanda başını yelləyərək “b-r-r” deyə səs çıxarır.

Ev sakinləri gəlməzdən bir neçə dəqiqə əvvəl artıq qapı ağzında miyovlayır, kiminsə üçün darıxanda isə onun başmaqlarını qucaqlayır.

Lakin onun ən böyük özəlliyi əhvalımı, hətta ağrılarımı sözün əsl mənasında hiss etməsidir. Bərk narahat olduğum anlarda pəncəsini çiynimə qoyur, başını əlimə sürtdürür və sanki bir insan kimi mənə təsəlli verib sakitləşdirir. İlk dəfə belə edəndə elə bildim oğlumdur, amma arxaya dönəndə gördüm ki, pəncərə altlığına dırmaşan pişikmiş.

O, həm də bizi müalicə edir, gecələr xəstələnənlərimizin keşiyini çəkir. Pişiyin “müalicəsi” ağrıyan yeri masaj etməkdən və ya həmin nahiyənin üstündə uzanmaqdan ibarətdir. Ağrıyan yeri sanki tapdalayır, sonra üstündə yatır və səhər oyananda görürük ki, nə ağrı qalıb, nə də narahatlıq.

Hələ bu harasıdır, o, sübh namazına vaxtında durmağıma da nəzarət edir. Əgər miyovlamaq təsir etmirsə, pəncəsi ilə çiynimə vurub məni oyadır. Son vaxtlar isə namaz qılarkən mənə qoşulub təzim/səcdə edir.

Bizim bax belə ağıllı və özəl bir pişiyimiz var.

Bəs sizin ev heyvanları ilə münasibətiniz necədir?  Yazın, mənə maraqlıdır.


Leave a Reply

Translate »

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading