Dirt path winding through grassy fields towards golden hills at sunset

“Günün sualı” – “Səndən yaşca kiçik olan birinə verə biləcəyin ən yaxşı məsləhət nədir?”: Hər şeydən əvvəl özünə qarşı dürüst ol və səhvlərdən qorxma.

Gənclik illərində insan çox vaxt başqalarının gözləntilərini qarşılamağa, mükəmməl görünməyə və ya hər şeyi dərhal həll etməyə çalışır. Lakin həyat bir sprint (qısa məsafəli qaçış) deyil, marafondur. Səhv etmək, uğursuzluğa düçar olmaq və ya yolun ortasında istiqaməti dəyişmək zəiflik deyil, böyüməyin və real təcrübə qazanmağın tək yoludur. Bəzən fors-majorlar bizi bizim üçün daha xeyirli olan istiqamətə yönəldir.

Buna görə də:

  • Daim öyrən və maraqlı ol: Dünyada ən dəyərli investisiya öz beyninə və bacarıqlarına etdiyin investisiyadır. Yaşadıqca təkmilləş. Biliklərini, bacarıqlarını yenilə və artır, daim fəaliyyətdə ol.
  • İnsanları və anları dəyərləndir: Karyera, pul və uğur önəmlidir, amma səni həqiqətən xoşbəxt edən qurduğun səmimi bağlar və topladığın gözəl xatirələr olacaq. Həqiqətən dəyərli insanlarla əlaqəni qoruyub saxla.
  • Zamana güvən: İndi sənə dünyanın sonu kimi görünən bir çox problem, bir neçə il sonra sadəcə təbəssümlə xatırlayacağın kiçik bir xatirəyə çevriləcək. Tempini tap və öz hekayəni başqalarının kitabı ilə müqayisə etmə.
  • Hadisələri axarına burax: Ətrafda hər kəsi və hər şeyi nəzarətdə saxlamağa çalışma, müəyyən anlarda kritik vəziyyətdən ən yaxşı çıxış yolu müşahidəçi roluna keçiddi. Belə olduğu halda, hər kəs bir anda komfort zonasından çıxıb boynuna düşən işi görməyə başlayır və artıq sənin yükün azalır və kor düyün özü-özünə açılır.
  • İnsanların dəyişəcəyini düşünmə: Dost və həyat yoldaşı seçimində “sonradan düzələr” kimi yanaşma yanlışdır. Bu bir növ şirniyyat bişirməyi bacarmayan birinin günün birində ilk gündən ad günü tortu bişirmək iddiasına bənzəyir. Sən ingrediyentləri alırsan və reseptə uyğun bişirməyə başlayırsan, sonunda alınmasa ya qonaqların qarşısında xəcalət çəkəcəksən ya da əlavə xərc çəkib yenədə hazırını almalı olacaqsan. İnsan ilk günlərdən səni narahat edən davranış nümayiş edirsə deməli sənlik deyil, çünki tanışlıq mərhələsində hər kəs özünün ən yaxşı tərəfini göstərir.
  • Ən çətin stressli anlarında belə ruhdan düşmə. Ruh sağlamlığını qorumaq üçün bir iş görməyə başla və ya gəzintiyə çıx. Hərəkət etdikcə beynin sakitləşəcək, vəziyyəti analiz etmək qabiliyyətin bərpa olacaq və nəhayət pis və ya yaxşı çıxış yolu tapılacaq. Bu üsul kömək etmirsə və ya reallaşdırmağı mümkünsüzdürsə, musiqi dinlə və ya zümzümə et, beləliklə, sən başqa dalğaya köklənəcəksən.
  • Kiminsə yolunda özünü köz etmə: Sənə qarşı çıxan və səndən üz döndərib gedən insanların qarşısını alma, burax qoy getdiyi ünvana getsin, çünki min dəfə eşitməkdənsə bir dəfə real təcrübə qazanmaq daha yaxşı və qalıcı effekt verir.

Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading