“Günün sualı” rubrikasının növbəti sualı “Hansı dillərdə danışırsınız və bu, sizin həyatınıza necə təsir edib?”. Ana dili olan azərbaycan dili ilə yanaşı rus dili kimi əlavə xarici dili mükəmməl bilməyim mənə böyük imkanlar verir.
Əmək bazarında mən bir işçi kimi daha geniş imkanlara malikəm, rus ədəbiyyatını orijinalda oxumaq imkanım olub, filmlərə baxa bilirəm, elmi məqalələr və xəbərlər mənim üçün daha əlçatan olduğu üçün dünya görüşümdə daha genişdir. Bununla yanaşı, türk dilini anlamağım da bir başqa rəng qatır həyatıma. Saysız hesabsız türk musiqi və filmləri dinləyib seyr etmək bir kənara, xəbərləridə ilkin mənbədən götürüb azərbaycan və rus dillərinə tərcümə etmək, məqalələrdə istifadə etmək imkanım var.
Fərqli dillərdə danışmaq bizə sadəcə yeni sözlər qazandırmır, onlar ruhumuzu və beynimizi yenidən formalaşdırır. Xarici dil ilə yanaşı bız başqa mədəniyyətin bir parçasınıda mənimsəyirik. Elmi araşdırmaları vərəqlədikcə qarşıma çıxan həqiqətlər məni heyran etdi. Sən demə, öyrəndiyimiz hər yeni dil beynimiz üçün gizli bir idman zalı imiş.
Bu proseslər beynimizin “seçim” mexanizmi ilə başlayır. İki və ya daha çox dil bilən bir insanın beynində bütün dillər eyni anda aktiv olur. Məsələn, mən bu sətirləri yazarkən, beynim arxa fonda digər dilləri “səssizə alır” və diqqətimi yalnız bura cəmləyir. Neyroelm sübut edir ki, bu daimi gərginlik beyindəki boz maddənin sıxlığını artırır, diqqəti toplamaq və tapşırıqlar arası sürətli keçid (multitasking) bacarığımızı inanılmaz dərəcədə gücləndirir.
Ən gözəl tərəfi isə qocalıqla mübarizədir. Harvard Universitetinin araşdırmalarına görə, aktiv çoxdillilik beyində alternativ neyron yolları açır. Yəni yeni bir dil öyrənmək, həm də beynimizə bəxş etdiyimiz əbədi gənclik eliksiridir.
Psixoloqlar isə başqa bir möhtəşəm məqama toxunurlar: İkinci dildə düşünərkən daha rasional və məntiqi qərarlar veririk. Çünki xarici dil bizi emosional qərəzlərdən uzaqlaşdırır, vəziyyətə daha soyuqqanlı yanaşmağa imkan tanıyır. Üstəlik, hər dil bir mədəniyyət olduğu üçün, çoxdilli insanlar qarşısındakı şəxsi daha dərindən anlayır, daha güclü empatiya qururlar, daha geniş sosial kütlənin üzvü olurlar, dostluq və tərəfdaşlıq əlaqələri qururlar.
Uzun sözün qısası, dil öyrənmək sadəcə lüğət ehtiyatını artırmaq deyil. Bu, dünyanı daha böyük rəng çalarlarında görmək, ruhumuzu zənginləşdirmək və beynimizi illərin sınağından qorumaqdır. Bəs siz bu gün beyniniz üçün hansı “idmanı” etdiniz?

