Dim narrow hallway with wooden floors, an open door emitting warm light, and vintage wall decor

Günün sualı: “Başına gələn ən qəribə və qorxulu hadisə nə olub?”

Qəribə də olsa, həyatımdakı qəribə və qorxulu məqamlar bir növ paranormal çalar daşıyırdı və uşaqlığımla bağlı idi.

Birincisi, ömrümün ilk 3-4 ilində gördüyüm, təkrarlanan yuxu idi. Yuxu bir neçə fraqmentdən ibarət idi. İlk fraqmentdə mən yapışqan saqqıza bənzər bir materialdan kürə düzəldirdim, o isə qəfildən əlimdən çıxıb öz-özünə böyüyərək məndən də böyük ölçülərə çatırdı. Sonra özümü bir az böyümüş halda, qırmızı bir dağın zirvəsində, uçurumun kənarında görürdüm. O artıq nəhəngləşmiş kürəni incə bir sapla tərpətməyə çalışırdım; sapın qırılacağından, özümün isə büdrəyib uçuruma yuvarlanacağımdan çox qorxurdum. Haradansa meşə uşağı Mauglinin böyümüş variantına bənzəyən bir gənc peyda olub mənə kömək etməyə, kürəni itələməyə başlayırdı. Birdən kürə sanki nəzarətdən çıxıb sürətlə fırlanmağa başlayırdı və gözlərimin önündə siqnalı kəsilmiş analoq televizorun ekranı (xışıltılı ekran) kimi bir görüntü yaranırdı.

Daha sonra həmin yuxuda kənardan bir təyyarə görürdüm, ardınca isə eniş edən və ya havaya qalxan təyyarənin çox yüksək səsini eşidirdim. Şüuraltı səviyyədə anlayırdım ki, təyyarə qəzaya uğrayır. Növbəti fraqmentdə özümü çarpayımda gözü yumulu uzanmış vəziyyətdə hiss edirdim. Birdən hiss edirdim ki, ayaq barmaqlarımın ucundan başlayaraq üzərimlə nəsə yuxarı doğru gəlir, üzümə çatıb məni iyləyir, mən isə qorxudan nə tərpənə nədəki qışqıra bilmirəm. Yəqin ki, o anlarda soyuq tər basdığını və dəhşət içində hönkür-hönkür ağlayaraq oyandığımı izah etməyə ehtiyac yoxdur. Bu qəribə yuxu, yəqin ki, dörd yaşıma qədər məni rahat buraxmadı, tez-tez yuxuma girirdi. Sonralar pəncələrinin yumşaqlığına, ağırlığına və addımlarının yavaşlığına əsasən anladım ki, bu, çox güman ki, pişik olub. Çünki siçovullar sürətlə qaçır və pəncələri xırda olur.

İkinci qəribə və qorxulu hadisə isə təxminən 6 yaşım olanda baş vermişdi. Hər şey o dövrün məşhur “Retro” verilişində “Başsız atlı” filminin nümayişi ilə başladı. Həmin vaxt mən əslində yatmalı idim, amma yatmamışdım və qaranlıq otağımdan filmi izləyirdim. Filmdəki o səhnə olmasaydı, bəlkə də hər şey normal olardı: dumanın içindən başsız atlının at belində yavaş-yavaş çıxması… Bu kadr balaca beynimə elə həkk olundu ki, növbəti iki həftə ərzində qaranlıq otaqlara girməyə, otaqda tək qalmağa və ya harasa çıxmağa qorxurdum. Hər yerdə gözümə “başsız atlı” görünürdü və qorxudan donub qalırdım.

Bir müddət sonra nəhayət, valideynlərimin aktyorlar, kuklalar və kaskadyorlar haqqında danışdıqları gülməli əhvalatlar öz təsirini göstərdi və mən tədricən özümə gəldim. O film isə bu gündə həvəslə baxdığım filmlərdən biridir.

Bəs sizin həyatınızda hansı qəribə və qorxulu hadisələr baş verib? Şərhlərdə yazın, oxumaq çox maraqlı olar.


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading