“Günün sualı” rubrikasının növbəti sualı – “On il sonra özünüzü harada görürsünüz?”
O-o-o, təxəyyülümün miqyası hüdudsuzdur, lakin bəzən ən cəsarətli arzularım belə çin olur. Odur ki, mən xəyallarımı vizuallaşdıraraq arzulamağa, istəməyə və xəyal qurmağa cəsarət edirəm.
Məsələn, özümü dağların qoynunda, füsunkar mənzərəli kiçik otelimin restoranında növbəti kitabımın təqdimatında təsəvvür edə bilərəm. Qonaqlar çəyirtkələrin səsinə qarışan sakit canlı musiqini dinləyəcək, elə oradaca yetişdirilən orqanik məhsullardan məharətli aşpazlarımızın hazırladığı ən ləziz təamları dadacaqlar.
Həmçinin, bəxtim gətirsə, dəniz kənarında, şəhər kənarındakı bağ evimizdə nəvələrimlə birlikdə ola bilərəm. Kiçik və rahat bağ evimizdə səhərlər dənizə gedib qumdan qalalar tikəcəyik, sonra isə onlar dincələrkən mən öz reseptlərimlə onlar üçün ən dadlı sinnabonlar, çizkeyklər, piroqlar, tortlar, pitsalar və digər ləziz yeməklər bişirəcəyəm. Axşam isə bütün ailəlikcə bağçamızda həmin o desertlərlə ətirli çay içib ulduzları seyr edəcəyik və ya müxtəlif oyunlar oynayacağıq. Daha sonra mən onlara nağıl oxuyub yuxuya verəcəyəm.
Və nəhayət, gecə bütün ev əhli yuxuya getdikdə, mən noutbukumun arxasına keçib növbəti kitabımı yazacağam — bu bir detektiv, bioqrafiya və ya resept kitabı da ola bilər.
Elədə ola bilər ki, mən dünyanı gəzib “səyyah nənə” bloqumu idarə edəcəyəm.
Əlbəttə, pis ssenarilər də ola bilər, amma mən onlar haqqında düşünməməyə üstünlük verirəm. Yaşayarıq, görərik. Hələlik isə nurlu gələcəyimizin “kərpiclərini” düzək və arzularımızı vizuallaşdıraq.
Bəs siz özünüzü 10 ildən sonra harada görürsünüz? Şərhlərdə yazın, mənim üçün çox maraqlıdır.

