Filmin baş qəhrəmanları — daim sensasiya dalınca qaçan və hər addımda başlarını bəlaya soxan rəqib jurnalistlərdir.
Nik Nolte və Culiya Robertsin “I Love Trouble” (“Mən çətinlikləri sevirəm”) filmində ustalıqla yaratdıqları obrazlar, bir növ mənim, 15 il öncəki, həyatımda baş verənləri xatırladır.
Filmin tanıtımında iki jurnalistin arasında yaranan sevgi ilə yanaşı rəqabət aparmasından bəhs edilərkən: “Sevgi heç vaxt bu qədər təhlükəli olmamışdı!” ifadəsi işlədilir və tam yerinə düşür.
Fərq ondadır ki, mən rəqibi özüm yaratdım və “cəzamı” çəkdim… Lakin hər bir insan həyatında vacib qərarlar qəbul edir. Bizim ailədə də danışılmadan bəzi qərarlar qəbul edildi və qaydalar tətbiq edildi: “Eyni qurumda və biznesdə çalışmamaq və işdə baş verənləri və planları müzakirə etməmək”. Bu qərarlar eyni sahədə çalışan iki jurnalistə işinə və normal ailə münasibətinə zərər vurmadan davam etməyə imkan yaratdı.
Bu mənim reallığımdır, seçimim deyil. Suala gəldikdə isə, əslində heç vaxt hər hansı bir kitabın və ya filmin personajı olmaq istəmədin, çünki digər insana, hətta bu işinin peşakarı və ya ulduz olsa belə pərəstiş etmək kimi xüsusiyyətim yoxdur, əksinə xarakterə görə daha çox müşahidəçi və bəzən tənqidçiyəm. İnsanları, ətrafda baş verənləri müşahidə və mütaliə etmək uşaqlıqdan bəri sevdiyim məşğuliyyətlərdən biridir.
Bəs siz hər hansı kitabın və ya filmin personajına bənzəmək istərdiniz?

