Ən çox aldığınız 5 ərzaq mağazası məhsulu siyahısına nələr daxildir?
Mövsümə görə bu siyahı dəyişə bilər, lakin orta hesabla dəyişməz qalır.
İlk növbədə bu içməli sudur. Çalışıram minerallarla zəngin olan sular alım. Ölkəmizdə və xüsusəndə Bakı şəhərində evlərə verilən içməli suyun keyfiyyəti ürəkaçan olmadığı üçün əhalinin əksəriyyəti içməli suyu ya mağazadan alır, ya da ki filtrlər quraşdırır.
İkinci yerdə çörəkdir. Baxmayaraq ki, mən və ailə üzvlərim, Azərbaycan ölçülərinə görə, o qədərdə çox çörək yemirik, yenədə gün aşırı evə mütləq çörək alınır. Bəzən, həvəsim olanda, özümdə ev sobasında xərək çörəyi bişirirəm, amma bu nadir hallarda baş verir.
Üçüncü yerdə toyuq və yumurtalarıdır. İlk növbədə əlbəttə ki, yumurta səhər yeməyi üçün nəzərdə tutulur, lakin eyni zamanda müxtəlif salatların, xörəklərin və şirniyyatların hazırlanmasında da istifadə edilir. Deyə bilərəm ki, yumurta bizim evin əvəzolunmaz qida məhsullarından biridir. Mən ümumiyyətlə toyuq qızartmasını, qrildə bişirilmişini və kotletlərini ətdən hazırlanan yeməklərdən daha çox sevirəm. Balıqda sevirəm, lakin balıqda, ət kimi, gündə yemək istədiyim və yeyə biləcəyim yemək deyil. Ailə üzvlərimdə bu məsələdə demək olar ki, mənimlə eyni fikirdədirlər.
Dördüncü yerdə qarnirlərin hazırlanması üçün makaronlar, spaqettilər və s. eyni kateqoriyalı məmulatlardır.
Beşinci yerdə şirniyyat qərarlaşıb. Demək olar ki, hər gün aşırı nəsə almalıyam və yeni məhsullara böyük marağım var. Şirniyyatsız yaşaya bilməyən insanlardan biri hesab edilə bilərəm. Aldıqlarım əsasən çay ilə içmək üçün müxtəlif növ şokoladlar və konditer məmulatlarıdır.
Sualın cavabından qırağa çıxaraq deməliyəm ki, mağazadan almadığım amma büdcəmdə önəmli yer tutan qida məhsullarına meyvə və tərəvəzlərdə aiddir. Meyvə və tərəvəz yemək mənim üçün özünə baxım rituallarından biridir. Mütləq şəkildə evdə alma olmalıdır, əsasəndə “smirenka” növündən olan yaşıl almalar. Köhnə fikirli sayıla bilərəm, amma mən meyvə və tərəvəzləri öz movsümündə yeməyi sevirəm, məncə onlar belə olduqda daha dadlı olurlar.
Azərbaycan gözəl iqliminə görə il boyu meyvə və tərəvəzlə bol olan ölkədir və qış aylarında bolluca yerli istehsal apelsin, kivi, nar, xurma və feyxoa, yayda isə əlbəttə ki, albalı, alça, qaysı, çiyələk, moruq, qarpız, üzüm, əncir yemək imkanımız var. Şəhərdə bu məhsullar nisbət etibarı ilə daha baha olsada, rayonlarımızda istirahət edərək qışa vitamin tədarükümüzü edə bilərik. Yay aylarında xüsusən səhər yeməyinə qarpız ilə üzüm və pendir yeməyi sevirəm.
Tərəvəzlərdən isə yaz və payız aylarında bir müddət çuğundur, kök, alma və limondan ibarət olan şirələr hazırlayıram. Bu bir növ dadlı terapiyadır, deyilənə görə qara ciyəri təmizləyir, orqanizmdə dəmir və maqnıy çatışmamazlığının qarşısını alır, immuniteti gücləndirir. Və əlbəttə ki, brokkoli. Bu yaxınlarda brokkoli ilə yumurta çığırtmasını toyuq çığırtmasından daha çox sevdiyimi aşkar etmişəm.
Sonda, qeyd edim ki, Top 5-də yer almasalar da, Top 10-a süd məmulatları, yağlar və çərəzlər daxildir, çünki bu məhsullar bir çox yeməklərin və şirniyyatların hazırlanmasında istifadə olunur və sağlamlığımızı qorumaq üçün rasionumuzda olmalıdırlar.

