“Günün sualı” rubrikasının növbəti sualı yadda qalan və sevilən kitablarla bağlıdır.
“Hansı kitabı dəfələrlə oxuya bilərsiniz?” – bu sualın cavabını düşünmədən deyə bilərəm, çünki müxtəlif yaş dövrlərində artıq bir neçə dəfə oxuduğum kitablar var.
Uşaqlıq dövründə amerikalı yazıçı Mark Tvenin “Tom Soyerin macəraları” kitabını təkrar oxuduğum vaxtlar olub.
Yeniyetməlik dövründə Aleksandr Dümanın “Qraf Monte Kristo” təkrar oxumuşam və aradan bir nəçə il keçdiyi üçün artıq ikinci dəfə oxuduğumda kitabı tam fərqli şəkildə anladım və dəyərləndirdim.
Azərbaycan ədəbiyyatından təkrar oxuduğum yeganə kitab İsmayıl Şıxlının “Dəli Kür” kitabı olub, kitablarını ən çox oxuduğum müəllif isə Çingiz Abdullayevdir. Yeni çıxan kitablarını böyük maraqla atamla birlikdə gözləyirdik və növbə ilə oxuyurduq.
Türk yazıçılarından Sabahattin Alinin “Kürk mantolu Madonna” romanını da qeyd edə bilərəm, türk dilində oxuduğum yeganə kitabdır, və əlbəttə ki, Rəşad Nuri Gültəkinin “Çalıkuşu” romanı. Bu kitabı ilk dəfə bir çoxları kimi filmə baxdıqdan sonra oxudum. İllər sonra yay tətilində kitabı yenidən oxudum.Daha sonralar Robert Kiosaki və Şeron Lektorun müştərək yazdığı “Varlı ata, kasıb ata” kitabının audio versiyasını iki dəfə dinləmişəm.
Daha sonralar Robert Kiosaki və Şeron Lektorun müştərək yazdığı “Varlı ata, kasıb ata” kitabının audio versiyasını iki dəfə dinləmişəm.
Böyük məmnuniyyətlə Emil Zolyanın, Stefan Zveyqin, Kuprinin, Buninin, Çexovun, JoJo Moyesin bəzi əsərlərini yenidən oxuyardım, lakin beynim çox yüklənib və hələ ki, vaxtım yoxdu.
Eyni zamanda, nə vaxtlarsa çox bəyəndiyim bəzi kitabları yenidən oxumaq istədiyim zaman onların artıq bəsit olduğunu görürəm, ola bilsin böyüyüb yaşlandıqca real həyatda gördüklərimizin fonunda bu kitablarda təsvir edilən ideallar və hadisələr artıq müasir dövrün gündəmi ilə müqayisədə kölgədə qalır.
Yuxarıda qeyd etdiyim kitabları məzmunundan daha çox yazı tərzinə görə oxumaq insana zövq verir, sözlər cümlələr insanın beyninə deyil ürəyinə yazılır sanki.

