Hiker walking on a winding trail through grassy mountain ridges during sunset

Gənclik illərində insan həyatı daha bəsit, böyüklərin nəsihətlərini isə bəzən əhəmiyyətsiz və ya köhnəlmiş hesab edir. Əsrlərin sınağından keçərək günümüzə qədər gəlib çıxan adət-ənənələr, mənəvi dəyərlər və tövsiyələr ilk baxışda sadə görünə bilər. Lakin onların hər birində dərin bir məntiq, insan həyatını tənzimləyən gizli bir hikmət yatır.

Bu kainatda heç bir hadisə təsadüfi deyildir. Həyatımızı kökündən dəyişən böyük hadisələr, üstümüzə gələn uğursuzluqlar, eləcə də qazandığımız müvəffəqiyyətlər müəyyən bir ilahi nizamın tərkib hissəsidir. Bəzən böyük bəla kimi gördüyümüz bir hadisə, əslində daha böyük bir xeyrin qapısını açır. Ya da əksinə, ilk baxışda uğur kimi görünən bir məqam sonradan böyük bir imtahana çevrilir. Əsas məsələ – bu baş verənlərin arxasında duran Böyük Qüdrəti, Uca Yaradanı və Onun hikmətini dərk edə bilməkdir.

Bəzən gündəlik həyatın təlaşında planlarımız pozulanda əsəbiləşirik. Evdən çıxarkən tapılmayan açarlar, vacib bir görüşdən öncə geyimimizə tökülən qəhvə, gecikdiyimiz bir nəqliyyat vasitəsi… Bütün bunlar ilk anda uğursuzluq kimi görünə bilər. Lakin bir anlıq ayaq saxlayıb düşünmək lazımdır:

«Tələsikliyimiz nədəndir? Yoxsa ölümə tələsirik?»

Unutmayaq ki, bizi ləngidən o “xoşagəlməz” xırdalıqlar, bəlkə də bizi daha böyük bir qəzadan, fəlakətdən və ya səhvdən qoruyan ilahi bir sipərdir. Hər bir gecikmədə, hər bir maneədə bir xeyir var.

Həyata bu baxış bucağı ilə yanaşdıqda, insan qəlbən rahatlıq tapır, təlaşdan uzaqlaşır və hər bir anın dəyərini anlamağa başlayır. Səbirli olmaq, hadisələrin gedişatına təslim olmaq və Uca Yaradanın bizim üçün müəyyən etdiyi qədərə güvənmək – həqiqi mənəvi hüzurun yeganə açarıdır.

Həqiqətən, bu günədək özümü Allaha əmanət edib, Onun göstərdiyi yolla gedərək heç vaxt ziyan çəkməmişəm. Əksinə, alınmayan bir işin arxasınca düşüb, öz istəyimə nail olmaq üçün inad etdikdə yalnız vaxt və güc itirmişəm. Bunu dərk etdiyim andan bəri nə tələsir, nə də təkid edirəm; hər şeyi öz axarına buraxıb, sadəcə gündəlik işlərimlə məşğul oluram. Necə ki atalar deyib: “Tutar – qatıq, tutmaz – ayran”…


Leave a Reply

Translate »

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading