Müasir qadının səhəri çox vaxt eyni sualla açılır: “Bu gün nə geyinim?” Amma bəzən bu sual sadə bir seçimdən çıxıb, sosial mühitdə, xüsusilə də iş yerində gizli bir rəqabətə və psixoloji müharibəyə səbəb olur. “Gündə yeni paltar geyinir” ifadəsi çoxumuza tanışdır. Bəs bu sonsuz yenilənmə istəyi həqiqi zövqün göstəricisidir, yoxsa müasir dövrün formalaşdırdığı bir asılılıq?
Gəlin dəb, brend çılğınlığı, iş yerindəki qadın qısqanclığı və əsl zövqlü olmağın təməl qaydalarına birlikdə nəzər salaq.
İş həyatında “geyim” müharibələri və qadın qısqanclığı
Ofis mühiti təkcə iş görülən məkan deyil, həm də vizual mesajların ötürüldüyü bir səhnədir. Bir qadının hər gün tamamilə fərqli, trend və diqqətçəkən geyimlərlə işə gəlməsi çox vaxt kollektivdəki digər qadınların radarına düşməsinə səbəb olur.
Burada vizual üstünlük qurmaq cəhdi kimi psixoloji bir faktor dövrəyə girir. Nəticədə gizli rəqabət başlayır: “O hər gün fərqli geyinirsə, mən də geri qalmamalıyam” düşüncəsi qadınlar arasında gizli bir geyim yarışına keçid edir.
Ofis koridorlarında və yeməkxanalarda şərhlər və pıçıldaşmalar cərəyan edir: “Görəsən bu qədər pulu haradan tapır?”, “Hər gün bir libas dəyişir” kimi ifadələr çox vaxt heyranlıqla qarışıq bir qısqanclığın təzahürüdür.
Həqiqət isə ondadır ki, iş yerində geyimin sayından deyil, onun yerinə, zamanına uyğunluğundan və sizin işinizə olan hörmətinizdən oxunur. Bundan başqa, inkişaf etmiş bəzi ölkələrdə iki gün eyni geyimdə ofisə gələn insana “bir təhər” baxırlar və artıq “Evdə gecələməyib” kimi söhbətlər dövrəyə daxil olur.
Əslində hər gün yeni geyim geyinməyin estetik zövgün, düşüncəli olmağın təmizkarlığın göstəricisidir, xüsusəndə isti ölkələrdə.
Korporativ mühitdə elə iş günləri olur ki, onun sonunda hər-hansı rəsmi ziyafətdə iştirak tələb olunur, elə günlərdə olur ki, daha sadə geyim tərzinə ehtiyac duyulur və əlbəttə ki, bu günlərdə düşüncəli işçi fərqli geyim tərzinə üstünlük verir. Gigiyena nöqteyi nəzərindən də insanlar fizioloji xüsusiyyətlərinə görə geyim yeniləmə tezliyini fərdi olaraq seçirlər.
Brend çılğınlığı və daim yenilənən trendlərin tələsi
Müasir moda sənayesi (fast fashion) bizə hər həftə yeni bir “trend” diktə edir. Sosial şəbəkələr isə bu alovu daha da alovlandırır. “Bir geyindiyimi bir daha geyinməyim” ssenarisi qadınları həm maddi, həm də mənəvi tükənməyə aparır. Üzərində nəhəng brend loqoları olan geyimlər bəzən zövqdən çox, “mən bahalıyam” mesajı vermək üçün seçilir. Lakin unudulur ki, üslub (stil) pulla satılmır. Bu mövsüm dəbdə olan bir rəng və ya kəsim növbəti mövsüm gülünc görünə bilər. Daim trendlərin arxasınca qaçmaq, öz fərdiliyini itirmək deməkdir.
Burada dəbli insanların dəmir qaydaları var:
- ən son dəbə görə geyinməmək və ötən ilin dəb trendlərindən bu ilə qalanını seçmək, çünki bu müddət ərzində keçici, vulqar modellər özləri yox olurlar.
- heç bir halda gözəçarpan, iri brend nişanlı geyim və aksessuarlardan istifadə etməmək, bu məhz olduğundan daha yüksək sosial pilləyə aid olmaq arzusunun göstəricisi sayılır
- hər yeni model, yaxşı unudulmuş köhnə modelin təzahürüdür, buna görədə keyfiyyətli və sevdiyiniz geyimlərinizi dəbdən düşüb deyə tullamağa tələsməyin, çünki onu kombin edərək və aksessuarlarla bəzəyərək yeniləyib geyinə bilərsiniz
Xilasedici strategiya: Baza qarderob (Capsule Wardrobe)
Həqiqətən ağıllı və zövqlü bir qadın bilir ki, qarderobun dolub-daşması hələ yaxşı geyinmək demək deyil. Çıxış yolu baza qarderob qurmaqdadır.
Baza qarderob – bir-biri ilə mükəmməl kombinlənə bilən, keyfiyyətli, zamansız və klassik parçaların məcmusudur.
| Baza Parçalar | Niyə Vacibdir? |
| Ağ köynək (Klassik kəsim) | Həm cins şalvarla, həm də klassik yubka ilə mükəmməl uyğunlaşır. |
| Qara pencək (Blazer) | İstənilən sadə geyimi bir andaca rəsmi və şık edir. |
| Mükəmməl oturan şalvar | Bədən quruluşunuza uyğun, neytral rəngdə bir şalvar qarderobun canıdır. |
| Kiçik qara don | Həm iş görüşməsinə, həm də axşam ziyafətinə gedə biləcəyiniz xilasedici. |
Həqiqətən zövqlü qadının “Top 5” qaydası
Zövq – geyimin qiyməti və ya markası ilə ölçülmür. Zövq bir duruş, bir bütövlük məsələsidir. Budur, həqiqətən zövqlü qadını digərlərindən fərqləndirən top qaydalar:
Bədənini tanımaq və ona görə geyinmək: Dəbdə olan deyil, bədən quruluşunun qüsurlarını gizlədib, üstünlüklərini vurğulayan geyimlər seçmək əsl zövqün rəmzidir.
“Az amma öz” prinsipləri: 10 dənə sintetik və ucuz görünüşlü kofta almaqdansa, 2 dənə keyfiyyətli, parçası ilə danışan kofta almaq. Keyfiyyət həmişə uzaqdan özünü bəlli edir.
Aksessuarın gücünü qiymətləndirmək: Sadə bir geyimi keyfiyyətli bir kəmər, zərif bir şərf və ya düzgün seçilmiş çanta ilə sənət əsərinə çevirməyi bacarmaq.
Təbiilik və baxımlılıq: Dünyanın ən bahalı donunu geyinsəniz belə, təmiz olmayan saçlar, baxımsız dırnaqlar və ya həddindən artıq ağır, vizual olaraq yorucu makiyaj o zövqü sıfıra endirəcək. Zövq, geyimdə təmizliyin və ütünün mükəmməlliyindən başlayır.
Özünəinam və duruş: Ən əsas qayda geyimi daşıya bilməkdir. Qadının daxili enerjisi, təbəssümü və özünə olan güvəni onun ən bahalı və heç vaxt dəbdən düşməyən geyimidir.
Beləliklə, hər gün yeni bir paltarla işə gəlib diqqət çəkmək keçici bir tendensiyadır. Əsas məsələ – eyni pencəyi üç fərqli variantda elə geyinməkdir ki, ətrafdakılar hər dəfə sizin heyranedici və fərqli göründüyünüzü düşünsünlər. Zövq yaradıcılıqdır, brendlərin əsirinə çevrilmək deyil.

