Family standing outdoors with a sheep decorated with a colorful collar, holding tea glasses and smiling

İslamda Qurban bayramı (İyd əl-Ədha) sadəcə heyvan kəsilməsi və ət paylanması mərasimi deyil. Bu ibadət həm fərdi, həm də ictimai müstəvidə çox dərin mənəvi, əxlaqi və sosial fəlsəfəyə malikdir.

Qurban bayramının fəlsəfəsi

Qurban sözü ərəb dilindəki “qurban” kökündən götürülüb, “yaxınlaşmaq”, “yaxın olmaq” mənasını verir. Dini termində isə Allahın rızasını qazanmaq və Ona mənən yaxınlaşmaq niyyəti ilə müəyyən bir heyvanın ibadət məqsədilə kəsilməsidir.

İslamda vacib sayılan ibadətlərdən birid olan Qurban kəsimi təslimiyyət və sədaqətin nümunəsidir. Qurban ibadətinin kökü İbrahim peyğəmbər və oğlu İsmayılın hadisəsinə dayanır. Bu hadisə insanın Allaha olan sonsuz sevgisinin, etimadının və ən əziz varlığından belə Onun rızası üçün keçə biləcəyinin rəmzidir. Qurani-Kərimdə bu məqam belə ifadə olunur:“Onların nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (ürəyinizdəki səmimiyyətdir).” (Həcc surəsi, 37)

Bu bayram eyni zamanda İslamın əsas prinsipləri olan cəmiyyətdə sosial həmrəyliyi və bərabərliyi qorumağa dəstək olur. Qurban bayramı zənginlərlə ehtiyac sahibləri arasında körpü qurur. İl boyu evində ət bişməyən ailələr bu bayram sayəsində sevinc yaşayır, cəmiyyətdə paxıllıq və kin hissi qarşılıqlı sevgi və hörmətlə əvəzlənir.

Eyni zamanda bu bir nəfsin tərbiyəsi ritualıdır: Heyvanın qurban kəsilməsi həm də insanın öz daxilindəki heyvani hissləri (paxıllıq, xəsislik, təkəbbür) ram etməsini, nəfsini Allaha təslim etməsini simvolizə edir.

    Qurban kəsməyin qaydaları və şərtləri

    Qurban ibadətinin qəbul olunması üçün həm qurban kəsən şəxsə, həm də seçilən heyvana aid müəyyən qaydalar mövcuddur.

    Qurban kəsən şəxsə aid şərtlər:

    1. Müsəlman olmaq.
    2. Ağıl və bluğ (yetkinlik) yaşına çatmaq.
    3. Hürr (azad) və müsafir (səfərdə) olmamaq (Səfərdə olanlara vacib deyil, lakin kəsə bilərlər).
    4. Maddi imkanı olmaq: İslam fiqhində (məsələn, Hənəfi məzhəbində) əsas ehtiyaclarından və borclarından xaric, müəyyən bir zənginlik ölçüsünə (nisab miqdarına) sahib olan hər bir kəsə qurban kəsmək vacib (və ya digər məzhəblərə görə müəkkəd sünnə) sayılır.

    Heyvanlara aid şərtlər və yaş hədləri:

    Qurban yalnız müəyyən qrup heyvanlardan kəsilə bilər. Bu 1 nəfər üçün  1 yaşında və ya o yaşa uyğun çəkidə qoyun və keçi ola bilər. Bir nəfərdən yeddi nəfərədək şəxs 2 yaşında inək və ya camışı şərik olub kəsə bilər. Eyni sayda insan 5 yaşında dəvəni şərik olub kəsə bilər.

    Vacib qeyd: Qurbanlıq heyvanın sağlam olması şərtdir. Kor, topal, buynuzunun biri kökündən qırılmış, çox arıq və ya kəsim yerinə yeriyib gedə bilməyəcək dərəcədə xəstə heyvanlar qurbanlıq yararlı sayılmır.

    3.Qurbanın kəsilməsi və ətin paylanması

    • Niyyət və kəsim: Qurban kəsilərkən mütləq Allahın adı çəkilməli (“Bismillahir-Rəhmanir-Rəhim” və ya “Bismillahi Allahu Əkbər”) və niyyət edilməlidir. Heyvana əzab verilməməli, bıçaq iti olmalı və heyvanın görmədiyi yerdə itilənməlidir.
    • Kəsim vaxtı: Qurban bayram namazı qılındıqdan sonra kəsilməyə başlayır və bayramın 3-cü günü günbatan çağınadək davam edə bilər. Bayram namazından əvvəl kəsilən heyvan qurban sayılmır, sadəcə adi ət hesab olunur.
    • Ətin bölünməsi: İslam qaydalarına görə, qurban ətinin 3 bərabər hissəyə bölünməsi tövsiyə olunur (müstəhəbdir):
      1. 1/3 hissəsi – Maddi imkanı zəif olan, ehtiyac sahibi ailələrə və fəqirlərə paylanılır.
      2. 1/3 hissəsi – Qohum-əqraba, qonşular və qonaqlara ikram edilir.
      3. 1/3 hissəsi – Ev sahibinin öz ailəsi üçün saxlanılır (Əgər ailənin maddi vəziyyəti zəifdirsə və ya ailə böyükdürsə, ətin hamısını evdə saxlamaq da icazəlidir).

    Qurban kəsən şəxs heyvanın dərisini, baş-ayağını və ya hər hansı bir hissəsini qəssaba xidmət haqqı kimi verə bilməz. Qəssabın pulu ayrıca ödənilməlidir. Dəri isə ya evdə istifadə edilməli, ya da xeyriyyə məqsədilə bağışlanmalıdır.

    Qurban bayramınız və ibadətləriniz indidən qəbul olsun!


    Leave a Reply

    Translate »

    Discover more from Dəyərlər.AZ

    Subscribe now to keep reading and get access to the full archive.

    Continue reading