Woman writing in book at desk with open journal showing growth concept map and coffee cup

“Günün sualı” rubrikasının növbəti sualı belədir: “Yeni nəsə öyrənərkən motivasiyanı necə qorumaq olar?”.

Hər bir fəaliyyətimiz, nə qədər maraqlı və vacib olursa-olsun, müəyyən bir andan sonra bezdirici, adi və cansıxıcı görünməyə başlayır, bir növ rutinə çevrilir.

Bəlkə də hər kəs xatırlamır, amma uşaqlıqda böyüklərin tapşırıqlarını düzgün və məharətlə yerinə yetirəndə qəlbimizin dərinliklərində çox sevinir və özümüzlə fəxr edirdik. Lakin sonralar, müəyyən ev işləri bizə daimi öhdəlik kimi tapşırılanda, onlar artıq eyni sevinci bəxş etmir və yükə çevrilirdi. Xoşlamadığımız bir iş tapşırılanda isə bu, tamamilə bir cəzaya dönürdü.

Bütün bunlar yetkinlik dövründə də davam edir.

İstənilən fəaliyyətdə, xüsusən də nəyisə öyrənərkən əsas motivasiya mənbələrindən biri öyrənilən mövzuya qarşı olan canlı maraqdır. Bu marağın yaranması üçün də müəyyən stimullar olmalıdır: sadəcə estetik zövq almaq və ya istirahət etmək istəyi, fiziki formanın dəstəklənməsi, zehni inkişaf, öyrənilən sahənin gələcək karyeradakı rolu, qazanca və həyat səviyyəsinə təsiri, qlobal səviyyəyə çıxmaq imkanları və bundan doğan digər üstünlüklər.

İkinci vacib addım — öyrənilən sahədəki yeni meylləri (trendləri) və tanınmış simaları izləməkdir. Bu, özlüyündə sağlam bir rəqabət mühiti yaradır, bənzər və ya daha yaxşı bir iş ortaya qoymaq istəyi formalaşdırır.

Üçüncü və çox mühüm addım — öyrənilən mövzudan bir az uzaqlaşıb dincəlmək üçün diqqət mərkəzini başqa bir sahəyə yönəltməkdir. Bu, fəaliyyətin və ya mövzunun adamı boğmaması (bezdirməməsi) üçün vacibdir. Xüsusilə yaradıcı sahələrlə məşğul olan insanlar üçün bu amil çox vacibdir.

Dördüncü addım — praktikadır.

Jurnalistika sahəsindəki uzunillik fəaliyyətimə və şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, ən uğurlu insanlar kitab qurdları, “ofis planktonları” və ya dərsləri kor-koranə əzbərləyənlər deyil. Onlar hər şeyi canlı olaraq, təcrübədə, öz əlləri ilə edərək öyrənirlər. Çünki ideyalar problemləri həll etmə prosesində yaranır, təcrübə isə illər keçdikcə iş fəaliyyəti zamanı qazanılır. Əlbəttə, nəzəriyyə vacibdir və lazımdır, lakin şəxsi təcrübə insanı mövcud olanı daha da təkmilləşdirmək və yenilik gətirmək üçün paralel sahələri də öyrənməyə sövq edir.

Və nəhayət, beşinci vacib motivasiya mənbəyi — səyahətdir, yeni trendləri izləyən insanlardır. Öz hesabına ixtisasartırma kurslarına getmək, müxtəlif dünya səviyyəli konfranslarda iştirak etmək — bütün bunlar dünyagörüşünü genişləndirir, məlumatı birbaşa ilkin mənbədən almağa imkan verir, öyrənilən mövzuya marağı qoruyur və mövcud bilikləri yeniləyir.


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading