Həyatı uzatmağın sirri bəzən sadə bir raketkada və ya velosiped pedalındadır. Ümumdünya Səhiyyə Təşkilatı həftədə 150-300 dəqiqə orta intensivlikli hərəkət tövsiyə edir. Lakin bəzi idman növləri var ki, onlar ömrünüzə nəinki bir neçə il, hətta on ilə yaxın vaxt əlavə edə bilər.
Aşağıda uzunömürlülüyün “sehrli” 6 idman növünü təqdim edirik:
1. Tennis və badminto (ömrü +10 ilədək uzadır)
Araşdırmalar göstərir ki, raketka idman növləri ilə məşğul olmaq ürək-damar xəstəliklərindən ölüm riskini 59% azaldır. Kopenhagen Ürək Araşdırmasına görə, tennis həyatınıza 9.7 il, badminton isə 6.2 il əlavə edə bilər. Sirr həm hərəkətdə, həm də bu oyunların gətirdiyi sosial ünsiyyətdədir.
2. Velosiped sürmək (+3 il)
Hətta həftədə cəmi 3 saat sakit templə (16 km/saatdan yavaş) velosiped sürmək ölüm riskini 15% azaldır. Velosipedçilər sükan arxasında olmayan həmyaşıdlarından orta hesabla 3 il daha çox yaşayırlar.
3. Üzgüçülük (+3 il)
Üzgüçülük ürək sağlamlığı üçün əvəzsizdir. Tədqiqatlar göstərir ki, müntəzəm üzənlər hərəkətsiz insanlarla müqayisədə 28% daha az ölüm riski ilə üzləşirlər və təxminən 3 il daha uzun ömür sürürlər.
4. Qaçış (+3 il)
Gündə cəmi 10-15 dəqiqə yüngül templə qaçmaq kifayətdir ki, ürək-damar sağlamlığınızı qoruyasınız. Bu vərdiş ömrü orta hesabla 3 il uzadır.
5. Aerobika və Fitnes
Qrup şəklində edilən məşqlər daha effektivdir. Aerobika ölüm riskini 27% azaldır. Burada əsas amil həm fiziki yüklənmə, həm də kollektiv daxilində yaranan müsbət emosiyalardır.
6. Güc məşqləri (həftədə 30-60 dəqiqə)
Əzələləri möhkəmləndirmək vacibdir, lakin burada “qızıl orta” şərtdir. Həftədə 1 saatdan çox ağır çəkilərlə işləmək faydadan çox zərər verə bilər. Ən idealı həftədə 2 dəfə güc məşqini kardio ilə birləşdirməkdir.
Peşəkar idman sağlamlıqdırmı?
Maraqlıdır ki, peşəkar səviyyədə ağır yüklənmələr hər zaman ömrü uzatmır. Məsələn, gimnastika və hündürlüyə tullanma peşəkarları orta hesabla 8 il daha çox yaşasa da, boks, güləş və ya xokkey kimi kontakt idman növləri ömrə əlavə il qazandırmaya bilər. Hətta sumo və döyüş sənətləri kimi bəzi növlər həyat müddətini qısalda bilər.
Beləliklə, idman təkbaşına problemləri həll etmir; genetik faktorlar və zərərli vərdişlərdən uzaq durmaq da mühümdür. Lakin aktiv həyat tərzi sizi artıq çəkidən qoruyur, əhvalınızı qaldırır və daha keyfiyyətli bir həyat bəxş edir. Odur ki, divandan qalxmaq üçün hər zaman bir səbəb var!

