Günün sualı rubrikasının növbəti sualı “İki pulsuz təyyarə bileti qazansanız, hara gedərdiniz?” oldu.
Bu ilin fevral ayında təsadüfən sosial şəbəkələrdən birində portağal ağacları ilə “bəzədilmiş” bir şəhər gördüm.
Videoçarxın izahında görüntüdə Sevilya şəhəri olduğu yazılmışdır. Düzünü deyim İspaniya dedikdə ilk ağlıma gələn Barselona olub həmişə. İspaniyada Sevilya şəhəri olduğu haqda eşitmişdim, amma bu cür ürəkaçan mənzərələri olduğunu bilmirdim.
Sonradan oxudum ki, Sevilyada portağal ağaclarına şəhərin hər yerində, o cümlədən parklarda, meydanlarda, həyətlərdə və küçələrdə rast gəlmək olar. Hətta şəhər “Portağal cənnəti” və “Narıncı gözəl” kimi tanınır.
Şəhərdə il boyu portağal mövsümü olduğuna baxmayaraq, sağlamlığa böyük faydası olan bu təbii antidepresanın əsasən noyabr-fevral aylarında yetişdiyi bildirilir.
Məhz buna görədə Sevilyaya portağalın pik mösümündə – fevral ayında getmək istəyərdim. Deyilənə görə fevral ayı Sevilyada ən ləzzətli portağalların, o cümlədən qırmızı sortların yetişdiyi zamandır.
Ola bilsin bu sətirləri oxuyan bir çox insan deyəcək ki, Azərbaycanın cənub bölgəsində də portağallar yetişir və bunun üçün Sevilyaya getmək vacib deyil, amma şəhər təkcə portağalları ilə deyil, həmdə tarixi abidələri və arxitekturası ilə məhşurdur, gəzib baxmalı yerləri az deyil.

