Bu gün Azərbaycan xalqının sevimlisi, səhnəmizin və ekranlarımızın parlaq ulduzu, kinoda “Qüdrətin Məhəbbəti”ni və həyatda məhəbbətin qüdrətini nümayiş edən istedadlı aktrisa Dilarə Əliyevanın doğum günüdür.
Bəzi insanlar səhnə üçün doğulurlar — addımladıqları hər addımla işıq saçar, danışdıqları hər sözlə tamaşaçının qəlbinə yol taparlar. Azərbaycan teatr və kino sənətinin ən sevilən, ən xariqəli simalarından biri olan Dilarə Əliyeva məhz belə aktrisadır.
Böyük istedadı, bənzərsiz xarizması və bitib-tükənməyən enerjisi ilə Dilarə xanım illərdir ki, milyonlarla insanın sevgisini qazanıb.
Televiziyada “Çal-çağır”, “3-cü canlı”, “Gəlin danışaq” kimi reytinqli verilişlərin aparıcısı olaraq səmimiyyəti və yüksək yumor hissi ilə hər bir azərbaycanlı evinin doğma qonağına çevrilən Dilarə Əliyeva kinoda da unudulmaz obrazlar yaradıb.
Ekranlaşdırılan komediya və dram filmlərində, seriallarda canlandırdığı hər bir obraz tamaşaçının yaddaşına həkk olunun. O, təkcə güldürmür, eyni zamanda xarakterin dərinliyini, qadın zərifliyini və duyğusallığını ən təbii şəkildə nümayiş etdirir.
Dilarə Əliyeva tamaşaçılara hər zaman müsbət enerji, təbəssüm və gözəl ovqat bəxş edir.
Yaxın zamanda isə sevimli aktrisamız sənətində növbəti ilklərə imza atacaq.
Ad gününüz mübarək, Dilarə xanım, daim sevilin, inkişaf edin və sənətiniz ilə gündəmdə olun!

