Tarixin və mənəviyyatın qovuşduğu Şamaxı yolçuluğu, ziyarətçilərinə yalnız qədim abidələri deyil, həm də ruhu dincliklə dolduran mənzərələri bəxş edir. Diribaba türbəsindən Cümə məscidinə, göl qırağındakı sakit anlardan tarixin dərin izlərinə qədər unutulmaz bir gəzintinin hekayəsi.
Keçən günlərdə baş tutan kiçik Şamaxı səyahətim yaddaşımda unudulmaz təəssüratlarla həkk olundu. Şamaxı Bakıya nisbətən yaxın məsafədə olduğu və gözəl və səmimi insanların əhatəsində olduğum üçün vaxtın necə keçdiyini hiss etmədim. Lakin bu səfəri xüsusi edən təkcə yol boyu uzanan yaşıl mənzərələr və maraqlı söhbətlər deyil, həm də tarixin dərinliklərindən gələn o ecazkar pıçıltılardır.
Yolumuzun ilk dayanacağı Qobustan rayonu ərazisində, qayaların qucağında ucalan Diribaba məqbərəsi oldu. Uzaqdan baxanda elə gəlir ki, bu möhtəşəm abidə insan əli ilə tikilməyib, sanki təbiət özü onu daş qayadan yonub çıxarıb. XV əsrdə, Şirvanşah İbrahimin dövründə inşa edilən bu iki mərtəbəli türbənin özünəməxsus bir sirri var. Xalq arasında gəzən rəvayətlərə görə, burada Diribaba adlı müqəddəs bir şəxsiyyət dəfn olunub və onun cəsədi əsrlər boyu çürümədən qalıb. Məhz bu inanc səbəbindən abidə əsrlərdir ki, insanların pənah gətirdiyi, dualar etdiyi ziyarətgaha çevrilib. Türbənin içindəki pilləkənlərlə yuxarı qalxdıqca zamanın necə dayandığını hisslərinizlə duyursunuz. Ətrafdakı mənzərəyə isə söz ola bilməz.







Mənzərənin və tarixin sehrindən ayrılıb Şamaxının mərkəzinə yönəldik. İkinci dayanacağımız – Azərbaycanın və bütün Cənubi Qafqazın ən qədim İslam ocaqlarından biri olan Şamaxı Cümə məscidi idi. 743-cü ildə tikilən bu möhtəşəm ibadət evi neçə-neçə zəlzələlər, güclü dağıntılar və yanğınlar görüb. Amma hər dəfə küllərindən yenidən doğulan feniks quşu kimi bərpa olunub, öz əzəmətini qoruyub saxlayıb. Məscidin həyətinə qədəm basanda insanı gəribə bir sakitlik, mənəvi bir dinclik bürüyür. Sütunların kölgəsində addımlayarkən əsrlərin dualarının bu daş divarlara hopduğunu hiss etməmək mümkün deyil.
Ziyarətlərimizi başa vurduqdan sonra isə ərazidəki balaca bir gölün kənarına əyləşib bir az dincimizi almaq istədik. Gölün səthi elə sakit idi ki, göy üzünün əksi suya güzgü kimi düşmüşdü. Amma əsl sürpriz suyun altına baxanda bizi gözləyirdi. Göldə bir-birinin ardınca süzən, rəngarəng balıqlar sanki öz aralarında dövr edərək sakit bir rəqs edirdilər. Biri suyun üzünə çıxıb bir qurtum hava alır, digəri dibə doğru şütüyərək kiçik dalğalar yaradırdı. Onların bu təlaşsız, rahat üzüşünü izləmək səfərin bütün yorğunluğunu bir anda yuyub apardı.
Tarixin dərin izləri, duaların hərarəti və təbiətin bu kiçik, amma hüzur dolu mənzərəsi… Şamaxı səfəri bir daha sübut etdi ki, bəzən ruhumuzu təzələmək üçün uzaqlara getməyə gərək yoxdur; keçmişimizə və təbiətimizə boylanmaq bəs edir.






































