İspaniyanın məşhur Sevilya bağlarının xəyalı ilə yola çıxıb, özümüzü Azərbaycanın sitrus cənnəti olan Lənkəranda tapdıq. Ağacdan öz əlinlə dərdiyin o şirin mandarinin dadı, cərgə ilə əkilmiş sitrus bağlarının sükutu, meşələrin zəngin göbələk dünyası və gizli bir göl… Lənkəran hələ Sevilya olmasa da, dünyanın ən gözəl portağal cənnətinə çevrilmək potensialı ilə insanı valeh edir. Vaxt itirməyin, portağallar artıq yetişir!
Daha əvvəl də yazdığım kimi, imkan olarsa, İspaniyanın portağal cənnəti sayılan Sevilyaya səyahət etmək istəyirəm. Lakin bu yaxınlarda qismət oldu ki, fəal və şən azərbaycanlı (və yalnız azərbaycanlı olmayan) qadınlardan ibarət bir qrupla Azərbaycanın portağal cənnətinə — Lənkərana səfər edim. Təəssüf ki, mən orada portağalların dəymə dövründən bir az əvvəl oldum, amma buna baxmayaraq, ağacdan öz əlimlə dərdiyim şirin, tam yetişmiş mandarini, həmçinin hələ dəyməmiş kivi və feyxoanı dərmək mənə nəsib oldu. Ağacdan dərilən mandarinin dadında həqiqətən də nəsə xüsusi bir sehr var — o, mağazadan aldıqlarımızdan qat-qat dadlı və şirin gəlir. Hətta bu üstünlük hissi üçün insan daha artıq pul ödəməyə də hazır olur. Təəssüf ki, portağallar hələ yaşıl idi, təzəcə al-əlvan rəngə boyanmağa başlayan xurmalar kimi. Biz ilk dəfə ağaclarda kiçik, tükəz balaca “bomba”lar kimi asılan kivi salxımlarını gördük, sitrus ağaclarının cərgələri arasında sükutu dinlədik və bu fəsilə yaraşmayan bürkü payız günlərində feyxoa meyvələrini toplayan işgüzar qadınları müşahidə etdik.





Lənkəran meşələrində gördüyüm qədər göbələyə isə indiyədək heç yerdə rast gəlməmişdim — söhbət yalnız onların sayından yox, həm də çeşidliliyindən gedir. Zahirən çox gözəl görünən zəhərli göbələklər sanki heç nə olmamış kimi yeməli göbələklərin tən ortasında bitir və yalnız əsl bilicilər zəhərli göbələyi yeməli olandan fərqləndirə bilər.



Lakin xüsusi bir tapıntı — sitrus zəmilərinin arxasında, ətrafındakı ağacların hələ də yaşıl yarpaqlarının kölgəsində sanki insan gözündən gizlənmiş o göl oldu. Bu göl əsl meditasiya yeri idi, saatlarca onun kənarında, agacların kölgəsində oturub sükutu dinləyərək daxilindəki blokları açmaq olar.






Lənkəran, əlbəttə ki, heç də Sevilya deyil, lakin onun gələcəkdə bəlkə də dünyanın ən yaxşı portağal cənnətinə çevrilmək üçün böyük potensialı var. Hələlik isə olanla — sadə kənd təsərrüfatı sahələri ilə, cərgə ilə əkilmiş sitrus ağacları ilə və elə oradaca fəaliyyət göstərən, açıq havadakı restoranın ora-bura qaçışan ofisiantlarının xəbərsiz qonaqlara təqdim etdiyi məşhur Lənkəran ləvəngi toyuğunun oxşarı olan toyuqla (bu arada, pis alınmamışdı) əla bir plovu ilə kifayətlənməli olursan. Lakin, əlbəttə ki, əsas məsələ ləvəngi deyil; əsas olan yeni insanlarla ünsiyyət qurmağa imkan verən uzun yol, bir-birinə həm bənzəyən, həm də fərqli olan gözəl qadınların səmimi əhatəsi, təbiətlə vəhdət, təmiz hava və əlbəttə ki, ağacdan tam dəymiş mandarini öz əlinlə dərmək imkanıdır. Vaxt itirməyin, portağallar artiq yetişir və bizdən fərqli olaraq, siz gözəl, narıncı meyvələrin fonunda möhtəşəm şəkillər çəkdirə biləcəksiniz. İstər-istəməz adamın yadına müğənni Zemfiranın o məşhur mahnısı düşür: “Şirin portağal istəyirsən?..” («Хочешь спелых апельсинов…»).






































