Hər birimizin malik olduğu ən əvəzsiz və geri qaytarılmayan sərvəti məhz zamandır. Lakin əslində biz zamanı deyil, hər an öz seçim və qərarlarımızı idarə edirik. Gündəlik təlaşlar, sonsuz məsuliyyətlər və “vaxtı çatdırmamaq” sindromu arasında həyatın əsl mənasını itirməmək, hər rolu ləyaqətlə daşımaq və ömrün hər anını dəyərləndirmək üçün hansı həyati prinsiplərə əməl etməliyik?
Bu günlərdə iştirak etdiyim təlim nəticəsində, bu istiqamət üzrə bəzi yeni biliklər əldə etdim. Əslində həyat təcrübəm aşağıda qeyd etdiyim bir çox qaydaları gündəlik rutin halına salıb, lakin biz hər gün yeni nəsə öyrənirik və əsas odur ki, bu aşağıda qeyd edilən qaydalar kimi işlək modellər olsun.
Beləliklə, zamanın idarə olunması üzrə top 8 qızıl qayda:
1.Seçimlərinizi idarə edin
Vaxtı deyil, öz seçimlərimizi və hərəkətlərimizi idarə edirik. Hər kəsin gündə eyni 24 saatı var, əsas məsələ çox çalışmaq deyil, effektiv iş görməkdir.
2. Günü vacib işlərin həlli ilə başlayın
Ən çətin, mürrəkəb və vacib işinizi günün əvvəlində, enerjinizin ən yüksək vaxtında həll edin. Bu, qalan vaxt üçün rahatlıq və motivasiya yaradır.
3. Öncə əsas rolunuzdanirəli gələn işləri planlaşdırın
- Həftəlik və gündəlik planlaşdırma edərkən əvvəlcə həyatınızdakı əsas rollara (biznes rəhbəri, ailə, sağlamlıq və s.) aid ən vacib işləri təqvimə daxil edin. Xırda işlər və detallar isə aralardakı boşluqlara doldurulmalıdır.
4. Prioritetləri ayırın
İşlərinizi “Vacib” və “Təcili” kriteriyalarına görə bölün. Unutmayın ki, biznesi böyüdən əsas amil “Vacib, amma təcili olmayan” (strategiya, inkişaf, sağlamlıq) 2-ci kvadratdır.
5. Planlaşdırmada çevik olun
- Gününüzün yalnız 60%-ni dəqiq planlaşdırın. Qalan 40%-lik hissəni isə gözlənilməz işlər, fasilələr, operativ zənglər və ünsiyyət üçün ehtiyat (bufer) kimi saxlayın.
6. İşlərin bir əismini həvalə edin
- Vaxt oğrularından biri olan mükəmməliyyətçilikdən və hər işi təkbaşına görmək vərdişindən əl çəkin. Başqasının edə biləcəyi tapşırıqları düzgün resurslar və dəqiq nəticə təlimatları ilə həvalə edin.
7. Sərhədlərinizi qoruyun
- Birmənalı “hə” deyilənə qədər hər şeyə “yox” deməyi bacarın. Eyni zamanda mesajlar, zənglər və sosial şəbəkələr üçün xüsusi vaxt çərçivələri təyin edin (məsələn, fasiləsiz iş üçün 60-90 dəqiqəlik fokus blokları yaradın).
8. Böyük işləri bölərək həll edin
- Çox böyük və qorxulu görünən layihələri kiçik hissələrə ayırın. Hər gün yalnız 5-10 dəqiqəlik bir hissə ilə başlamaqla böyük tapşırıqları qorxunc olmaqdan çıxarıb rahatlıqla tamamlaya bilərsiniz.

