8 Noyabr Zəfər Bayramı ərəfəsində sənət və mədəniyyət dünyasında diqqətçəkən, tarixi köklərə söykənən mühüm tədbir baş tutub.
İncəsənət Muzeyində keçirilən təqdimat mərasimində Qarabağ xanlığının sonuncu varisi, böyük şairə Xurşidbanu Natəvanın obrazına və irsinə həsr olunmuş ekran əsəri ictimaiyyətə təqdim edilib.
Filmdə Qarabağın bənzərsiz, gözəl təbiəti, onun əsrarəngiz dağları, mənzərələri və zəngin florası böyük ustalıqla təsvir olunub. Kadrlarda təbiət mənzərələri ilə yanaşı, Xurşidbanu Natəvanın ailə üzvlərinin nəsildən-nəslə ötürülən, bu günümüzə qədər qorunub saxlanılan dəyərli ailə xatirələri geniş yer alıb. Filmdə şairənin təkcə ədəbi irsi deyil, mənsub olduğu nəslin aliliyi və tarixi salnaməsi də tamaşaçıya çatdırılır.
Baş rolu – Xurşidbanu Natəvan obrazını Əməkdar incəsənət xadimi, tanınmış dizayner Fəxriyyə Xələfova canlandırıb. Ən diqqətçəkən məqamlardan biri Fəxriyyə Xələfovanın heç bir söz demədən, yalnız baxışları, duruşu, jestləri və yaratdığı nəfis kübarlıqla Natəvanın xanım-xatınlığını, aliliyini və zadəganlığını izləyiciyə ustalıqla ötürə bilməsidir.
Çəkiliş təəssüratlarını bölüşən Fəxriyyə Xələfova qeyd edib ki, çəkiliş prosesi zamanı ətrafda həqiqətən də Natəvan xanımın ruhunu hiss edib. Məhz bu ruhani bağlılıq və mənəvi aura obrazın belə təbii, canlı və təsirli alınmasında müstəsna rol oynayıb.
Təqdimat mərasimi böyük Zəfər ruhu ilə zəngin oldu. Çıxışçılar ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində işğaldan azad edilmiş Ağdamda Xurşidbanu Natəvanın bərpa olunmuş heykəlinin yenidən ucaldılmasını böyük qürur hissi ilə vurğulayıblar. Tədbir iştirakçıları 8 Noyabr Zəfər Bayramını təbrik edərək, bu ekran əsərinin həm tarixi yaddaşın bərpası, həm də Zəfər töhfəsi kimi böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.






































