Couple sitting on the floor next to a wooden baby cradle with soft bedding and a stuffed toy inside

Bu sualı bəzən ana və ya ata olmaq istəyən insanlar artıq bir  və ya bir neçə uşaqlı yaxınlarına, dost və rəfiqələrinə verirlər. Bir çox hallarda sual tərəddüd edən və valideynlikdən və onun insanın üzərinə qoyduğu məsuliyyətdən çəkinən, lakin bunu arzulayan  kəslərdə yaranır.

İyirmi ildən çox valideynlik təcrübəmdən deyə bilərəm ki, ilk növbədə həkimlərin tövsiyyə etdiyi kimi valideynlərin normal psixoloji durumda olması şərtdir, çünki qarşıda onları uzun, eniş-yüksəlişli, macəralara dolu bir yol  gözləyir. Ekspertlərin sözlərinə əsasən, bəzən ailədə mövcud olan gərginlik və basqı hamiləliyin baş tutmasına mane olur. Bəzən insanın daxilində olan qorxular onun valideyn olmasına mane olur.

Sosial şəbəkələrdən birində qadın artıq 10 ildən artıq müddət ərzində ana olmaq üçün mümkün olan bütün tibbi prosedurlardan keçdiyini, lakin cəhdlərin uğursuz olduğunu bildirdi. Soruşdum ki, niyə övladlığa uşaq götürmürsünüz,  cavab verdi ki, kim bilir sabah bəlkə o uşaq böyüdükdə əsl valideynlərini tapıb məni tərk etdi.
Düzünü deyim bu cavab məndə təbəssüm yaratdı, çünki, bilirəm ki, doğma övladlarında valideynini tərk edib getməyəcəyinə heç kim zəmanət verə bilməz.

Valideyn olmağın məncə nə isə əldə etməklə, bəhrə görməklə əlaqəsi yoxdur. Sadəcə sevirsən, bəsləyirsən, qoruyursan, yıxıldıqda qalxmağa kömək edirsən, güclü olmağı öyrədirsən, savadlı olmağı üçün əlindən gələni edirsən, sevincində də, kədərində də yanında olmağa çalışırsan.
Doğulduğu gündən etibarən özünü onun səni nə vaxt isə tərk edəcəyinə, ayrıca fərd və ailə olacağına, onun həyatında səndən çox sevəcəyi insanların peyda olacağına hazırlayırsan, ona sənsiz ayaqda durmağı öyrədirsən.
Bu “ekstremal səyahətin” sonunda isə bəxtin qətirsə övladın və nəvələrin qocalıqda sənin qeydinə qalar.

Əlbəttə ki, “keyfiyyətli” övlad sahibi olmağın genetik əsaslar, uşağın böyüdüyü mühitin və əhatə dairəsinin böyük rolu var. Lakin tərbiyənin əsası valideynlərin düzənli və tərbiyəli olmağından asılıdır, çünki biz övladlarımıza nizam-intizamlı olmağı nə qədər öyrədiriksə öyrədək, özümüz laqeyid və dağınıq olduğumuzda uşaqlarımızda çox böyük ehtimal ki, laqeyid və dağınıq olacaqlar.
Amma soruşsalar ki, bütün bunları bilərək yenidən seçim imkanın olsaydı ana olmaq istərdinmi, deyərəm ki, heyif ki, daha çox olmayıblar. Çünki onların deyib-gülüb sevindikləri, xoşbəxtlikdən gözləri parıldadıqları, balaca əllərini sənin çiyninə qoyduqları o anlar üçün bütün heyatını qurban verməyə hazır olduğunu hiss edirsən. Lakin bu qısa anlar xaricində gün ərzində ağlından digər dəhşətli fikirlər keçir…


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading