Glowing center radiating concentric blue and gold rings beneath geometric shapes

Günün sualı rubrikamızın növbəti səhifəsi – “Şəxsi mantranız və fəlsəfəniz varmı?”

Düzünü deyim bu sual qarşıma çıxanadək bu haqda düşünməmişdim. Bir müddət tərəddüddən sonra müəyyən etdim ki, var.
Bildiyimiz kimi, mantra (sanskrit dilindən tərcümədə man — zəhn/ağıl, tra — alət, vasitə deməkdir) — dəfələrlə təkrarlandıqda insana dərin mənəvi və zehni təsir göstərən, sanskrit dilində yazılmış müqəddəs mətn, söz, heca və ya səs kombinasiyasıdır. Mantraların kökləri hinduizm və buddizmə dərin bağlı olsa da, bu gün onlardan dini kontekstdən kənarda da — fərqindəlik (mindfulness), diqqəti cəmləmə və özünə qapanma təcrübəsi kimi geniş istifadə olunur.
Müsəlman olduğum üçün həyat fəlsəfəm pislikdən çəkinmək, gördüyüm müsbət işləri isə, kimə görəsə, hər hansı gözlənti ilə və ya maddiyyat qarşılığında deyil, Allah yolunda etməkdir.
Eyni səbəbdən, özümə dediyim gündəlik mantra “Sən hər şeyin ən yaxşısına layiqsən, bu gün və həmişəlik” bunu çalışıram hər gün özümə deyim. Quranda da qeyd edilib ki, insan gərək Allahın ona əmanət etdiyi canı incitməsin və ilk növbədə özünün və yaxın ətrafının qeydinə qalsın. Məhz buna görədə, daxilən mənim baxış nöqtəmə və həyat fəlsəfəmə zidd olan nəyəsə özümü məcbur etmirəm.
O ki, qaldı  böyük gücə malik ən qısa səs-hecalar –   bica-mantralara, bu mantra mənim üçün “Hu” hecasıdır. Bunu müəyyən etməyimin isə kiçik hekayəsi var.
Bundan öncəki yazılarımda bildirdiyim kimi, mən böyük məsafələrə piyada gəzməyi sevirəm. Bu gəzintilərə yeni başlayanda fikir verdim ki, hər dəfə eyni məsafəni keçdikdən sonra, eyni yerdə nəfəs alıb-verdiyimdə “Hu” səsinə müraciət edirəm və bu zaman daxilimdən sanki böyük bir yük atıram. Nəticədə evə qayıdanda tamamilə yenilənmiş və keçdiyim böyük məsafəyə baxmayaraq enerji dolu qayıdıram.
İndi artıq istənilən stresə və çətinliyə düşəndə daxilimdə sıxışan mənfi enerjini “Hu” mantrası ilə xaric edirəm.
Bu gün isə rubrikamızın sualını cavablandırmaq üçün “Hu” mantrası ilə bağlı sorğu edəndə məlum oldu ki, “Hu” (Hū / Huuu) mantrası müxtəlif mənəvi və mistik ənənələrdə ən ali, təmiz və güclü səs vibrasiyalarından biri hesab olunur.
“Hu” mantrasının mənşəyi və mənbəyi
Bu mantranın əsas mənaları və xüsusiyyətləri Sufizmdə (Təsəvvüf): “Hu” (هو) ərəb dilində “O” (Yaranışın Sahibi, İlah) deməkdir. Sufi ənənəsində “Hu” Allahın ən ali, mücərrəd və şərtlənməmiş adlarından biri hesab olunur. Təsəvvüf zikrlərində bu səs dərin nəfəslə oxunur.
Eckankar və Müasir Mənəvi Təcrübələrdə: “HU” kainatın ilkin səs nəğməsi, ilahi sevgi və işığın səsi kimi qəbul edilir. Hər bir insanın içindəki ruhu oyandıran universal bir səs sayılır.
İnsana və zehnə təsiri
Daxili sakitlik: “Hu” səsini ahənglə zümzümə etmək fikirləri sakitləşdirir, stressi və təşvişi azaldır.
Qəlb mərkəzi (Çakra) ilə əlaqə: “Hu” mantrası xüsusilə qəlb mərkəzini açmaq, daxili sevgini, mərhəməti və rahatlığı hiss etmək üçün istifadə olunur.
Dərin meditasiyada “Hu” yüksək vibrasiyalı səs olduğu üçün zehni tez bir zamanda meditativ vəziyyətə gətirir.
Bəs sizin şəxsi fəlsəfəniz və mantranız var? Yazın mənə maraqlıdır.


Leave a Reply

Discover more from Dəyərlər.AZ

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading